FRANSA İLƏ AZƏRBAYCAN ARASINDA MƏDƏNİ ƏLAQƏLƏRİ GENİŞLƏNİR
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və muzey mərkəzinin direktoru Liana Vəzirova proqrama uyğun olaraq iyunun 21-28-dək Parisdə olmuş, faydalı görüşlər keçirmişlər. S.Məmmədəliyeva AZƏRTAC-ın müxbirinə verdiyi müsahibəsində bildirmişdir ki, səfər çərçivəsində onlar Parisdəki Tokio incəsənət muzeyində olmuş, onun iş təcrübəsi ilə yaxından tanış olaraq, müzeyin əməkdaşları ilə bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparmışlar.
Parisdəki musiqi şəhərciyi ilə tanışlıq Azərbaycan nümayəndə heyətində böyük maraq doğurmuşdur. Belə ki, şəhərciyin musiqi alətləri muzeyində Fransa ilə yanaşı dünyanın bir çox ölkələrinin qədim və müasir musiqi alətləri də nümayiş etdirilir. əlamətdar haldır ki, həmin muzeydə xalqımızın qədim musiqi alətlərindən olan tar, kamança, saz və qavaldan ibarət xüsusi guşə də yaradılmışdır.
Jorj Pompidu mərkəzində Fransanın müasir incəsənətini özündə əks etdirən kolleksiyalarla tanışlıq gələcək əməkdaşlıq baxımından faydalı olmuşdur.
Səfərin sonunda Azərbaycan nümayəndə heyəti Fransa muzeylərinin baş direktorları ilə görümüşdür. Görüşdə son zamanlar Fransa və Azərbaycan arasındakı mədəni əlaqələrin inkişaf etdiyi xüsusi vurğulanmış, respublikamızda muzey menecmenti sahəsinin yaradılması və inkişafı üçün Fransa tərəfinin yardımı, bu sahə ilə bağlı konfrans və yaxud seminarların keçirilməsi barədə fikir mübadiləsi aparılmışdır.
Bu sahəni öyrənmək məqsədilə Fransa dövlətinin vəsaiti hesabına bir neçə azərbaycanlı ekspertin altı aylıq və ya bir illik kurslarda təhsil almaları qərara alınmışdır.