Fransa radiosunda Azərbaycan həqiqətlərindən danışılıb
Paris, 22 sentyabr, AZƏRTAC
Fransanın “Sud Radio” radio stansiyası bu ölkədə yaşayan hüquqşünas, politoloq və Avropa Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Zaur Sadıqbəylinin müsahibəsini yayıb.
AZƏRTAC xəbər verir ki, İrəvan şəhərində anadan olmuş Azərbaycan əsilli Z. Sadıqbəyli müsahibəsində Fransa mətbuatının qərəzli məlumatlar yaymasını pisləyib. O, erməni əsilli fransızların yerli mətbuatda saxtalaşdırılmış məlumat yaymalarına, iki ölkə arasında baş verən hadisələri qərəzli şəkildə təqdim etmələrinə etirazını bildirib.
Politoloq sentyabrda Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı, eləcə də erməni əsilli fransızların ölkəmizlə bağlı yaydıqları qərəzli və saxta məlumatlara aydınlıq gətirib. Bugünkü Ermənistanın, eləcə də onun iddia etdiyi ərazilərin vaxtilə Azərbaycan xanlarına mənsub olduğunu deyib. Qarabağın Azərbaycan xanlığı olduğunu vurğulayıb.
Fransadakı ermənilərin Azərbaycanla bağlı dezinformasiyalarına diqqət çəkən politoloq dövlət sərhədində törədilən son hərbi təxribatla əlaqədar həqiqətləri səsləndirib. Qarabağda demilitarizasiyanın vacibliyi diqqətə çatdırılıb.
“Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir”,- deyə Z. Sadıqbəyli qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris