Fransa Sakit okeanda həyata keçirdiyi nüvə sınaqlarına görə Polineziyaya pul ödəyəcək
Paris, 29 iyul, AZƏRTAC
1966-cı ildən 1996-cı ilədək Sakit okeanda həyata keçirdiyi nüvə sınaqlarına görə Fransanın Polineziyaya dövlət borcu var.
AZƏRTAC xəbər verir ki, bunu Fransız Polineziyasında səfərdə olan Prezident Emmanuel Makron paytaxt Papeete şəhərindəki çıxışı zamanı söyləyib. “Sizinlə doğru və şəffaf danışmaq istəyirəm və etiraf edirəm. Dövlətimiz bu məsələdə uzun müddət sükuta üstünlük verib. Sınaqlarla bağlı hərbi baxımdan həssas sənədlər müstəsna olmaqla, digər sənədlərin saxlanıldığı arxivlər açılacaq”, - deyə E.Makron bildirib.
Polineziyada keçirilmiş nüvə sınaqlarının nəticələri ilə bağlı təzminat məsələsinə toxunan Fransa Prezidenti qeyd edib ki, bu məsələ ilə bağlı işə baxılması prosesi təkmilləşdiriləcək. Prezident Makron Polineziyaya sərmayə yatırılacağını da açıqlayıb.
Xatırladaq ki, Fransa 17 il Saharada keçirdiyi nüvə sınaqlarını 1966-cı ildən Polineziyada həyata keçirməyə başlayıb. Mururoa və Fangataufa adalarında 30 il ərzində əvvəlcə atmosferdə, sonra isə yerin altında 193 nüvə sınağı keçirilib. Sabiq prezident Fransua Mitteranın qoyduğu moratoriuma baxmayaraq, Jak Şirakın qərarı ilə sonuncu nüvə sınağı 1976-cı ildə reallaşıb.
2016-cı ildə sabiq prezident Fransua Olland dənizaşırı əraziyə səfəri zamanı 30 illik nüvə sınaqlarının ətraf mühitə və sağlamlığa mənfi təsirlərinin olduğunu etiraf edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris