Fransada büdcə müzakirələri: hökumət və parlamentin iki palatası arasında qarşıdurma başlaya bilər
Paris, 17 noyabr, AZƏRTAC
Fransa Milli Assambleyasında 2026-cı il dövlət büdcəsinin müzakirələri noyabrın 17-də həftəsonu fasiləsindən sonra bərpa olunub. Deputatların bazar gününədək büdcənin gəlirlər hissəsi üzrə səsverməni başa çatdırması tələb olunur. Ancaq qarşıda hələ təxminən 2 mindən çox düzəlişin (amendament) müzakirəsi dayanır.
AZƏRTAC xəbər verir ki, müxalifət hökuməti vaxtı uzatmaqda ittiham etsə də, büdcə naziri Ameli dö Monşalen bu iddiaları rədd edərək “heç bir hiylə yoxdur” deyə cavab verib.
Milli Birlik (Rassemblement National-RN) partiyasının lideri Jordan Bardella “France 3” televiziya kanalına açıqlamasında partiyasının istənilən bütün büdcələrin əleyhinə səs verəcəyini bildirib. Onun sözlərinə görə, hazırkı büdcə makronistlər tərəfindən və “əsl baş nazir” olan Olivye For tərəfindən hazırlanıb. Partiya nümayəndələri, həmçinin kiçik bağlamalara tətbiq olunacaq vergi əleyhinə olduqlarını da qeyd ediblər.
Şimal bölgəsinin deputatı Sebastyan Şönyu RTL radiosuna bildirib ki, bu vergidən asanlıqla yan keçilə bilər və sonda həmişə istehlakçı ödəyir.
Bu arada Senatda sosial təminat büdcəsi üzrə mübarizə güclənir. Noyabrın 18-də Senatda Sosial Təminat Büdcəsi Layihəsinin (PLFSS) müzakirəsinə başlanacaq. Sağçı və mərkəzçi çoxluğa malik Senat Milli Assambleyada qəbul olunmuş bir sıra düzəlişləri yenidən tərtib etməyi planlaşdırır.
Senatın Sosial İşlər Komissiyası şənbə günü pensiya islahatının dayandırılması ilə bağlı maddəni də ləğv edib. Komissiyanın məruzəçisi, mərkəzçi senator Elizabet Doyno bu haqda AFP-yə açıqlamasında bildirib. “Senat uzun illərdir dəstəklədiyi bir islahatı inkar edə bilməz”, - deyə senator vurğulayıb.
Bu addım hökumət və parlamentin iki palatası arasında yeni qarşıdurma mərhələsinin başlaya biləcəyinə işarə edir.
“Əyilməz Fransa” (France Insoumise LFI) partiyasının Milli Assambleyadakı Maliyyə Komissiyasının sədri Erik Kokrel bazar günü LCI kanalına bildirib ki, fraksiya hökumətin ehtimal olunan fövqəladə fərmanlar qəbul etməsindən əvvəl - noyabrın sonu ilə dekabrın ortaları arasında etimadsızlıq sanksiyası təqdim etməyə hazırlaşır.
Bu bəyanat büdcə prosesinin siyasi gərginliyin daha da artacağı bir mərhələyə daxil olduğunu göstərir.