Fransada keçirilən bələdiyyə seçkilərində seçici fəallığı rekord həddə aşağı olub
Paris, 29 iyun, AZƏRTAC
Fransada keçirilmiş bələdiyyə seçkilərinin ikinci turu seçici fəallığının aşağı olması ilə yadda qalıb. Seçki məntəqələrinə 16 milyon seçicinin gələcəyi gözlənilsə də, səsvermə hüququna malik insanların 59 faizi səsvermədə iştirak etməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə “İpsos/Sopra Steria” sosial sorğu şirkəti məlumat yayıb.
Şirkətin Fransa televiziya kanalları, radiosu, eləcə də parlament kanalları üçün apardığı sorğunun nəticəsinə əsasən, ölkə tarixində bələdiyyə seçkilərində ən zəif seçici fəallığı qeydə alınıb.
Lion, Bordo, Strasburq, Nansi, Tur, Bezanson, Qrenobl kimi şəhərlərdə ekologiya tərəfdarları qələbə qazanıblar. Onlar bunu tarixi hadisə adlandırırlar.
İkinci turda iqtidar partiyası üçün yeganə məmnunluq Havrda Baş Nazir Eduard Filipin qələbə qazanmasıdır. Respublikaçılar və Sosialist partiyaları çox da böyük olmayan şəhərlərdə mövqelərini qoruyub saxlaya biliblər.
Bələdiyyə seçkiləri qadınların qələbəsi ilə də diqqəti cəlb edib. Marsel, Bezanson, Biarritz, Puatye, Perigö, Gere, Qimper, Strasburq kimi şəhərlər ilk dəfə olaraq qadınlar tərəfindən idarə ediləcək. Bundan başqa, Sosialist Partiyasının üzvü Ann İdalqo yenidən paytaxt Parisin meri seçilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris