DÜNYA
Fransada polis əməkdaşları nümayiş keçirmişlər
Paris, 7 noyabr (AZƏRTAC). Noyabrın 5-də Fransanın Korsika adasının Ajaççio və Marsel şəhərlərinin polis əməkdaşları nümayiş keçirmişlər.
Ajaççio prefekturası qarşısına toplaşan yüzlərlə polis işçisi daxili işlər naziri Manuel Vallsdan onların sosial şəraitlərinin yaxşılaşdırılması ilə bağlı verdiyi vədi yerinə yetirməyi tələb etmişlər.
Ölkənin ən böyük limanı hesab olunan Marsel şəhərinin prefekturası qarşısında toplaşan iki mindən artıq polis dövlət büdcəsində onların təhlükəsizliyi ilə bağlı vəsaitin nəzərdə tutulmamasına, təqaüd islahatları ilə əlaqədar əmək haqlarının dondurulmasına, gənc polislərə təhlükəyə görə kompensasiya ödənilməməsinə etirazlarını bildirmiş və hökumətə onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər görməyə çağırmışlar.
Polislər tələbləri yerinə yetirilmədiyi təqdirdə digər şəhərlərin polislərinin həmrəyliyi ilə noyabrın 13-də daha izdihamlı nümayiş keçirəcəkləri barədə hökumət xəbərdar etmişlər.
Əsgər Əliyev,
AZƏRTAC-ın xüsusi müxbiri
Paris