Fransanın “Les Echos” qəzeti Bakının dinamik inkişafından yazır
Məqalənin müəllifi Dominik de La Tur qədim İpək Yolu üzərində yerləşən Azərbaycan paytaxtının son illərdə sürətlə inkişaf etdiyini, yeni memarlıq layihələri sayəsində müasir şəhərlərdən birinə çevrildiyini yazır.
Yazıda Bakıdakı “Alov qüllələri”nə dünyanın heç bir ölkəsində rast gəlinmədiyi, Heydər Əliyev Mərkəzinin paytaxtın möhtəşəm müasir memarlıq abidəsi olduğu, şəhər ətrafındakı Yanardağda alovun daim şölə saçdığı bildirilir, “Atəşgah” məbədi, Qobustan ərazisindəki palçıq vulkanı barədə məlumat verilir.
Müəllif Qız qalası və enli divarlarla hasarlanan, bir növ qədim Parisə oxşayan İçərişəhərin ötən əsrlərin yadigarı kimi qorunub saxlanmasından, paytaxtdakı tarixi abidələrin, qədim xalçaların Bakının sivilizasiya məkanı olduğunu sübuta yetirməsindən söhbət açır.
Bakı buxtasının neftlə zənginliyinə toxunan müəllif Nobel və Rotşild kimi avropalı milyonerlərin Azərbaycanda neft sahələrini aldıqlarını, neft emalı zavodları tikdiklərini, yeni binalar inşa etdiklərini diqqətə çatdırır.
Məqalədə tolerantlığın paytaxtı kimi də tanınan Bakıda müsəlman məscidləri ilə yanaşı, xristian kilsələrinin, sinaqoqun, hətta Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən ermənilərin kilsəsinin mövcud olduğu bildirilir.
Bakının gözəl küçələrindən, enli xiyabanlarından, şəhərə xüsusi yaraşıq verən dənizkənarı bulvardan, müxtəlif adda brend otellərin, mağazaların fəaliyyətindən bəhs olunan məqalədə Azərbaycan incəsənəti haqqında da məlumat verilir. Azərbaycan xalqının milli ənənələrini özündə yaşadan muğamla caz musiqisinin tanınmış cazmen Vaqif Mustafazadə tərəfindən ilk dəfə sintez edildiyi xatırlanır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris