Futbol üzrə Türkiyə millisi yoldaşlıq oyununda Şimali İrlandiya yığmasını qəbul edəcək
Bakı, 23 mart, AZƏRTAC
Türkiyə milli komandası martın 23-də Antalyada Şimali İrlandiya yığması ilə yoldaşlıq matçı keçirəcək.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin milli komandasının heyətində bir neçə aparıcı futbolçu zədə üzündən bu qarşılaşmada meydana çıxmayacaq. “Beşiktaş” klubunda çıxış edən Oğuzhan Özyakub və Almaniyanın “Borussiya” (Dortmund) komandasının formasını geyinən Ömər Toprak heyətdə yer almayacaq. Bundan başqa, İspaniyanın “Selta Viqo” komandasında çıxış edən Emre Mor xəstələndiyi üçün millidən kənarlaşdırılıb. Baş məşqçi Mirça Luçesku heyətə Arda Turan və Burak Yılmazın yerinə “İstanbulspor”dan və “Trabzonspor”dan futbolçular dəvət edib.
Heyətə oynadıqları klublarda uğurla çıxış edən Cenk Tosun (“Everton”, İngiltərə), Cengiz Ünder (“Roma”, İtaliya), Hakan Çalhanoğlu (“Milan”, İtaliya), Enes Ünal (“Vilyareal”, İspaniya), Kaan Ayhan (“Fortuna Duzeldorf”), Çağlar Söyüncü (“Frayburq”), Yunus Mallı (“Volfsburq”, hər üçü Almaniya) və s. futbolçular da çağırılıblar.
Antalya stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq və Türkiyənin “TRT Spor” kanalından canlı yayımlanacaq. Oyunu sloveniyalı baş hakim Slavko Vinciç idarə edəcək.
Türkiyə və İrlandiya yığmaları indiyədək 13 dəfə qarşılaşıblar. Bunlardan ikisində Türkiyə, beşində İrlandiya qələbə qazanıb. Altı görüş isə heç-heçə yekunlaşıb. 2014-cü ildə Dublində keçirilmiş yoldaşlıq matçında Türkiyə millisi 2:1 hesabı ilə qalib gəlib.
Martın 27-də Monteneqro millisi ilə də yoldaşlıq görüşünə çıxacaq qardaş ölkənin yığması üçün bu qarşılaşmalar UEFA Millətlər Liqasının və 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarına hazırlıq xarakteri daşıyır.
Şimali İrlandiya ilə oyun payızda Millətlər Liqasında Rusiya və İsveçlə qarşılaşacaq Türkiyə komandası üçün 2018-ci ildə keçiriləcək ilk yoldaşlıq matçı olacaq.