Füzuli rayonunda koronavirus pandemiyası ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Füzuli, 22 mart, AZƏRTAC
Füzuli rayonunda koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə tibb işçiləri tərəfindən əhali arasında maarifləndirmə tədbirləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, rayonun işğaldan azad edilmiş ərazilərində təhkim olunmuş tibb işçiləri əhali arasında fərdi qaydada söhbətlər aparır, virusdan qorunmaq üçün gigiyenik qaydaları izah edir, insanları karantin qaydalarına ciddi əməl etməyə çağırırlar.
Tibb bacıları tərəfindən əhalinin mütəmadi termometriyası aparılır. Hərarəti olan, özünü narahat hiss edən şəxslərdən yaxma nümunələri götürülərək analiz üçün müvafiq laboratoriyalara göndərilir.
Paralel olaraq rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Baytarlıq İdarəsi tərəfindən dezinfeksiya tədbirləri davam etdirilir.