Füzuli rayonunda “Xocalı - Qan yaddaşımız” adlı tədbir keçirilib
Füzuli, 23 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilən silsilə tədbirlər keçirilir. Növbəti belə tədbir Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin və Təhsil Şöbəsinin birgə təşəbbüsü ilə reallaşan “Xocalı - Qan yaddaşımız” adlı tədbirdə məktəblilərin Xocalı faciəsinə həsr edilən rəsmlərindən və soyqırımından bəhs edən kitablardan təşkil olunan sərgiyə baxış keçirilib. Daha sonra faciə qurbanlarının və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova Xocalı faciəsinin tarixi motivlərindən, ilk dəfə məhz ulu öndər Heydər Əliyev tərəfindən faciəyə hüquqi-siyasi qiymət verilməsindən, dövlət tərəfindən Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımların atılmasından söz açıb. “Xocalıya ədalət” kampaniyasının Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna əhəmiyyətindən danışılıb.
Rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədova Xocalı faciəsinin unudulmaması baxımından belə tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb, Vətən müharibəsində qazanılan Zəfərin xalqımız üçün ən böyük təsəlli olduğunu vurğulayıb.
Mövzu ətrafında çıxış edən tarix müəllimləri Elxan Abbasov, Əsədulla Hüseynov və Züleyxa Balaşova Xocalı soyqırımının tarixi köklərindən, acı həqiqətlərindən bəhs ediblər.
Rayon məktəblilərinin hazırladığı “Xocalı fəryadı” adlı kompozisiya təqdim olunub.
Sonda Xocalı faciəsindən bəhs edən videoçarx göstərilib.