FÜZULİ SU ELEKTRİK STANSİYASININ TƏMƏLİ QOYULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev aprelin 18-də Füzuli rayonunda su elektrik stansiyasının təməlinin qoyulması mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyevin tapşırığı əsasında tikiləcək stansiyanın gücü 50 meqavat olacaqdır. Füzuli və Beyləqan rayonlarına elektrik enerjisi xeyli uzaqda verilir. Bu isə təchizatın etibarlılığını aşağı salır, itkilərə səbəb olur. Bu baxımdan yeni stansiyanın tikilməsinin əhəmiyyəti böyükdür. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, burada hər birinin gücü 10 meqavat olan 4 ədəd və hər biri 5 meqavatlıq 2 ədəd turbin quraşdırılacaqdır. Layihədə 110 kilovoltuq elektrikötürmə xəttinin tikintisi də nəzərdə tutulmuşdur. Böyük Haramı və Xələc yardımçı stansiyalarını birləşdirən xəttin yenidən qurulması ilə stansiya vahid enerji sisteminə qoşulacaqdır.
“AZENKO” stansiyanı xeyli tez, 2-2,5 il ərzində tikib istifadəyə verməyi nəzərdə tutur. O, işə salındıqdan sonra 120 nəfər daimi iş yeri ilə təmin olunacaqdır. Dövlətimizin başçısının tövsiyəsi ilə inşaat işlərinə yerli sakinlər də cəlb edilir.
Prezident İlham Əliyev tikinti sahəsinə, layihə sxemlərinə baxdı.
Tikintinin aparılacağı yerdəki lövhənin üzərinə “Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev Füzuli su elektrik stansiyasının təməlini qoymuşdur. 18 aprel 2008-ci il” sözləri yazılmışdı.
Dövlətimizin başçısı stansiyanın təməlinə gilizi qoydu və beton qarışığı tökdü.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




