İQTİSADİYYAT
FÜZULİDƏ RAYON SAKİNLƏRİNƏ, QAÇQINLARA VƏ MƏCBURİ KÖÇKÜNLƏRƏ YARDIM GÖSTƏRİLMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tapşırığı ilə iqtisadi inkişaf naziri Fərhad Əliyev dekabrın 28-də Füzuli rayonunda olmuş, orada məskunlaşan qaçqın və məcburi köçkünlərlə, rayon sakinləri ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a demişlər ki, bu görüşlərdə çıxış edən Fərhad Əliyev Azərbaycan Respublikası Prezidentinin doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımıza daim böyük diqqət və qayğı göstərdiyini vurğulamış, bu sahədə ölkəmizin başçısı tərəfindən hər bir dövlət qurumu qarşısında ciddi vəzifələr qoyulduğunu qeyd etmişdir. Nazir rayon sakinlərinin, qaçqın və məcburi köçkünlərin qayğı və problemləri ilə maraqlanmış, onların məişət şəraiti ilə tanış olmuşdur. Nazirliyin nümayəndələri qaçqınlara və məcburi köçkünlərə ərzaq yardımı, şəhid ailələrinə maddi kömək göstərmiş, balaca soydaşlarımızı gətirdikləri sovqatlarla sevindirmişlər.
Rayon sakinləri, qaçqınlar və məcburi köçkünlər onlara göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Prezidenti Heydər Əliyevə minnətdarlıqlarını bildirmiş, işğal altındakı torpaqlarımızın sülh yolu ilə azad edilməsi istiqamətində görülən işləri ürəkdən bəyəndiklərini vurğulamışlar.
Nazirliyin əməkdaşları Dəvəçi rayonunda da olmuş, burada məskunlaşan qaçqınlara və məcburi köçkünlərə ərzaq yardımı və bayram hədiyyələri paylamışlar.