Füzulidə saxlanılan iranlı narkotacirdən 41 kiloqram marixuana aşkarlanıb VİDEO
Bakı, 23 dekabr, AZƏRTAC
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsini təşkil edən daha bir İran vətəndaşı polis əməliyyatı nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Füzuli rayonu ərazisində keçirilmiş tədbir nəticəsində İran vətəndaşı 32 yaşlı Ehsan Kakavendi iş başında saxlayıblar.
Ondan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 41 kiloqram marixuana və 2 min 988 ədəd metadon həbi aşkarlanıb. İlkin sorğu zamanı onun narkotikləri İranın Parsabad şəhərindən ölkəmizə qaçaqmalçılıq yolu ilə keçirdiyi və Füzuli rayonunda deyiləcək ünvanlara yerləşdirməyi planlaşdırdığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İranlı narkotacirlə ölkə daxilində və xaricində əlbir olan dəstənin digər üzvlərinin də müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.