Füzulidə Vətən müharibəsi şəhidlərinin adları sinif otaqlarına verilib VİDEO
Füzuli, 15 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayon Qayıdış qəsəbə 6 nömrəli tam orta məktəbdə 6 Vətən müharibəsi şəhidinin adının əbədiləşdirilməsi məqsədilə adlarına verilən sinif otaqlarının açılışı olub.
Tədbirdə şəhid ailələri ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin nümayəndələri, məktəb kollektivi iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edənlər 44 günlük Zəfər yürüşündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun əldə etdiyi parlaq Qələbədən söz açıblar. Həmçinin haqq savaşı uğrunda torpaqlarımızın azad edilməsi zamanı qəhrəmanlığı ilə seçilən şəhidlərimizin əziz xatirələrindən danışılıb. Bildirilib ki, şəhidlər Vətən uğrunda canını fəda etməklə gələcək nəsillər üçün vətənpərvərlik örnəyinə çevriliblər.
Qeyd edilib ki, məktəbdə altı Vətən müharibəsi şəhidinin adını daşıyacaq sinif otaqları həmin sinifdə təhsil alacaq şagirdlərin vətənpərvər ruhda böyüməsinə kömək olacaq. Məktəbdə 4 “a” sinfi Elnur Quliyevin, 6 “a” sinfi Nurlan Rzayevin, 5 “b” sinfi Şəmsi Cəfərovun, çağırışaqədərki hazırlıq otağı Mikayıl Mikayılzadənin, 2 “a” sinfi Elmir Ağayevin, məktəbəqədər hazırlıq sinfi isə Teymur Məcidzadənin adını daşıyacaq.
Tədbirdə məktəblilər şəhidlərə və vətənpərvərliyə həsr olunan şeirlər söyləyiblər.