REGİONLAR
Füzulidə Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarət olunub VİDEO
Füzuli, 27 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Füzulidə Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəliyinin əməkdaşlarının, şəhid ailələrinin, qazilərin, məktəblilərin və media nümayəndələrinin qatıldığı tədbirdə Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərərək torpaqlarımızı düşmən tapdağından xilas edən şəhid və qazilərimizdən söhbət açılıb. Çıxışlarda 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən danışılıb. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımız yağı düşməndən azad edilib və şəhidlərimizin qisası alınıb.
Abidə önünə gül dəstələri düzülüb, şəhidlərin ruhuna dualar oxunub.
Xatırladaq ki, Füzuli rayonunun Qaraxanbəyli kəndi ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidənin yerində işğal dövründə erməni silahlı birləşmələri möhkəmlənmişdi. Bu ərazidən mütəmadi olaraq Füzuli rayonunun Alxanlı kəndindəki mülki əhali atəş altında saxlanılırdı. 2020-ci ilin sentyabrın 27-də - Vətən müharibəsinin ilk günündə ordumuz bu mövqeyi darmadağın edərək, Qaraxanbəyli kəndini işğaldan azad edib.
Həmin gündən etibarən sözügedən ərazi Vətən uğrunda canından keçən qəhrəmanların şəhid olduğu ilk yerlərdən biri kimi ziyarətgaha çevrilib.