GDU tələbələrinə Alman Akademik Mübadilə Xidmətinin təqaüd proqramları barədə məlumat verilib
Gəncə, 9 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları barədə tələbələrlə məlumatlandırıcı görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) ölkəmiz üzrə lektoru Lisa Brandt sözügedən təşkilatın fəaliyyəti və Gəncə Dövlət Universiteti ilə mövcud əməkdaşlıq əlaqələri barədə ətraflı danışıb. 2023/2024-cü tədris ilində təqaüd proqramlarına müraciət qaydaları haqqında məlumat verib. Bildirilib ki, DAAD tələbələrə Almaniyada təqaüdlü təhsil almaq imkanı yaradan akademik mübadilə proqramıdır.
Görüşdə universitetin Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov, Alman dili kafedrasının müdiri Elvin Atakişiyev və kafedranın baş müəllimi Vüsalə Kərimova təqaüd proqramlarının və tələbə mübadiləsinin əhəmiyyətindən söhbət açıblar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.