Gədəbəydə keçirilən oftalmoloji aksiyada 184 nəfər müayinə olunub
Bakı, 21 iyul, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Gədəbəy rayonunda Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirilib. Aksiyada şəhid ailələri, qazilər və aztəminatlı ailələr müayinə olundu.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində 184 nəfər müayinə olunub. Müayinələr əsasında presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu. Ehtiyacı olan şəhid və qazi ailələri eynək və dərmanla təmin olundu.
Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, korluğun qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri həll etməkdir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Mirana Mirişova, Qafar Tağıyev, Elçin Əsgərov və tibb bacısı Aygün Mahmudova tərəfindən həyata keçirildi.
Aksiyada direktor müavini Ceyhun Nəzərli, Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi Elçin Həsənov, Təşkilat şöbəsinin işçi heyəti iştirak edib.