GƏLƏCƏK FƏALİYYƏT PROQRAMI MÜZAKİRƏ OLUNMUŞDUR
Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) fevralın 8-də Kiyevdə keçirilən məclisində soydaşlarımızın bu kütləvi və çox nüfuzlu ictimai təşkilatının fəaliyyətinə dair məsələlər müzakirə edilmişdir.
Konqresin rəhbərləri, 24 regional şöbənin, habelə Krımın, Kiyev və Sevastopol şəhərlərinin nümayəndələri, səfirliyimizin əməkdaşları, Belarusdakı Azərbaycan icmasının təmsilçiləri UAK-ın fəaliyyətinin daha da gücləndirilməsi yolları, perspektiv planlar və GUÖAM-ın üzvü olan ölkələrin zirvə toplantısı zamanı -2002-ci il iyulun 20-də tarixi Yalta görüşündə, Prezident Heydər Əliyevin Ukrayna azərbaycanlıları qarşısında qoyduğu vəzifələr haqqında ətraflı söhbət apardılar.
UAK-ın sədri Oqtay Əfəndiyev Yalta görüşündən sonra görülmüş işlərdən danışdı, diasporumuzun layiqli nümayəndələrinin Ukraynanın qanunvericilik və icra hakimiyyəti orqanlarında təmsil olunmasının zəruriliyini vurğuladı. Bildirildi ki, hazırda Konqres diasporumuzun ən yaxşı üzvlərinin 2006-cı il parlament seçkilərində Ukrayna Ali Radasına deputatlığa namizəd göstərilməsi üçün fəal iş aparır. Məlumdur ki, Ukraynadakı Azərbaycan diasporunun fəaliyyəti respublikamızın rəhbərliyi tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir və o, haqlı olaraq, bütün dünyadakı icmalarımız arasında ən nümunəvi və sıx birləşmiş diaspor sayılır. Lakin məclisdə xeyli tənqidi çıxışlar da səsləndi. Tənqid, ilk növbədə, UAK-ın bir sıra regional təşkilatlarının passivliyinə, yerlərdə bəzi sədrlərin iddialarına, tayfabazlığa və məhdud yerliçilik maraqları güdülməsinə və digər xoşagəlməz hallara aid idi.
Bütün natiqlər vurğuladılar ki, onlar Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin başçısı İlham Əliyevin bu mötəbər beynəlxalq qurumun ali rəhbərliyinə yekdilliklə seçilməsini böyük məmnunluqla və sevinclə qarşılamışlar və çoxsahəli fəaliyyətində ona ürəkdən yeni-yeni uğurlar arzulayırlar. Məclisdə diasporun fəaliyyətinə yaxından köməyə görə ölkəmizin Ukraynadakı səfirliyinin ünvanına səmimi minnətdarlıq sözləri söylənildi. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi tərəfindən kömək və dəstək göstərildiyi də qeyd olundu.
Məclis iştirakçıları Azərbaycan Prezidenti Heydər Əliyevə və AŞPA sədrinin müavini, Büro üzvü İlham Əliyevə müraciətlər qəbul etdilər.
1990-cı ilin yanvarında Azərbaycanda törədilmiş qanlı qırğına görə M.Qorbaçov barəsində cinayət işi qaldırılması təklifi yekdilliklə dəstəkləndi.
Axşam Konqres Ukrayna Nazirlər Kabinetinin Qəbullar evində təntənəli qəbul təşkil etdi.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev