CƏMİYYƏT
Gələn il 7-10 min müəllim imtahandan keçiriləcək
Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycanda pedaqoji heyətdə 150 mindən çox təmsil olunan şəxs var. Onların təxminən 125 mini müəllimdir. Həmin müəllimlərin hamısını sertifikasiyadan keçirməyə texniki imkanlarımız var.
AZƏRTAC xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən dinləmədə çıxışı zamanı söyləyib.
Nazir bildirib ki, 4 il ərzində müəllimlərin hamısının sertifikasiyadan keçirilməsi planlaşdırılır. Bunun üçün texniki imkanlarımız var. Gələn il 7-10 min müəllimi imtahandan keçirəcəyik. Diaqnostikadan sonra biz aşağı bal yığan bütün müəllimlərə təlim keçmişdik. Sertifikasiyadan keçməyənlərə də təlim keçəcəyik. Amma elə müəllimlər var ki, təlimdən sonra da onun nəticəsi qalxmır.