DÜNYA
Gələn il Gürcüstanın dövlət büdcəsi 27 milyard 800 milyon lari olacaq

Tbilisi, 30 sentyabr, AZƏRTAC
Gürcüstanın dövlət büdcəsi son 10 ildə tarixi maksimuma yüksəlib. Ölkənin 2024-cü il üçün dövlət büdcəsi 27 milyard 800 milyon lari (10 milyard 500 milyon ABŞ dolları) nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında məlumat verib.
Baş nazir deyib ki, 2024-cü ilin büdcəsi kifayət qədər konservativ yanaşma ilə planlaşdırılıb. İqtisadiyyatın 5,2 faiz artımı nəzərdə tutulub. Ortamüddətli perspektivdə isə real iqtisadi artım proqnozu 5 faiz təşkil edəcək, orta illik inflyasiya 2,8 faiz nəzərdə tutulub.
Onun sözlərinə görə, nominal ÜDM proqnozu 85 milyard 370 milyon laridir. 2012-ci ildə dövlət büdcəsi 8,5 milyard lari, ÜDM isə 27 milyard lari olub.
Baş nazir deyib ki, hökumət 2027-ci ilə qədər ÜDM istehsalının həcmini 108 milyard lariyə çatdırmağı planlaşdırır. 2024-cü ildə birləşmiş büdcə kəsiri 2,5 faiz, hökumətin borcu isə ÜDM-in 38,2 faizi qədər olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi