Gənc bioloqların qış məktəbi başa çatıb
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən “Gənc bioloqların qış məktəbi-2019” başa çatıb. Qış məktəbinin yekun tədbiri AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə üçgünlük qış məktəbinin nəticələri müzakirə olunub, iştirakçılar mükafatlandırılıb.
Bağlanış mərasimində çıxış edən institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova qış məktəbinin işinin uğurla yekunlaşdığını söyləyib. O, akademik Cəlal Əliyevin “Əsl alim elimdən zövq almağı bacarmalıdır” fikrini xatırladıb və gənc alimlərə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Mərasimdə bölmənin elmi katibi, aqrar elmləri üzrə fəlsəfə doktoru Afiq Məmmədov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov, Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova, Torpaqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev və digər çıxış edənlər gənclərin elmə cəlb olunmasında qış məktəbinin əhəmiyyətini vurğulayıb, gənc bioloqlara tövsiyələrini veriblər.
Sonra qış məktəbinin iştirakçılarına sertifikatlar təqdim edilib. İştirakçılardan üç maraqlı məruzənin müəllifi diplomla təltif olunub. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Gülnar Abdullayeva I, Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Şahbazova II və Dendrologiya İnstitutunun elmi işçisi Güllü Əliyeva isə III yerə layiq görülüb.
Qeyd edək ki, qış məktəbində gənc bioloqlar müxtəlif formatlı elmi disputlar aparıb, biologiya və tibb elmlərinin mütərəqqi prioritetlərinə dair biliklərini təkmilləşdirib, akademik İradə Hüseynovanın “Molekulyar biologiyadan müasir kənd təsərrüfatına və tibbə doğru: problemlərə yeni baxış” mövzusunda məruzəsini dinləyiblər.
“Gənc bioloqların qış məktəbi-2019” çərçivəsində iştirakçılar akademiyanın Dendrologiya İnstitutunda olub, “AMEA-da gənclər siyasəti və nailiyyətləri 2013-2019-cu illər” mövzusunda elmi disputda iştirak ediblər.
İştirakçıların, həmçinin AMEA-nın Yüksək Texnologiyalar Parkına (YT Park) ekskursiyası təşkil olunub. Gənc bioloqlar YT Parkın fəaliyyəti və burada istehsal olunan məhsullarla tanış olub, elmi müzakirələrdə iştirak ediblər.