GƏNC İSTEDADLARA BAXIŞ
İdman-Tennis Kompleksinin (İTK) kortlarında başlanmış turniri əvvəldən gənc istedadlara baxış adlandırmışlar.
Bu da tamamilə ədalətlidir. Yarışların baş hakimi Tatyana Əbdülhaqova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, starta 16 yaşınadək və daha azyaşlı uşaqlar çıxmışlar və onların bir çoxu böyük idmanda öz yoluna yenicə başlayır. Azərbaycanda böyük tennisin çox yaxşı ənənələri və beynəlxalq səviyyəli oyunçularımız olmuşdur. Biz sevinirik ki, indi kortlara getdikcə daha çox uşaq gəlir və onlar artıq yaxın gələcəkdə ölkəmizin idman şərəfini qorumalı olacaqlar.
Yarışda 28 oğlan və 32 qız iştirak edir, iki qrupda oyunlar adi olimpiya sistemi üzrə keçiriləcək, qalanları dairəvi sistem üzrə oynayacaqlar. Gənc idmançılarla işləməyə xüsusi diqqət yetirilən “Gənclik”, “ETA”, “Leyla” İTK-larının və Bakının digər tennis mərkəzləri və məktəblərinin gənc nümayəndələri mükafatlar uğrunda mübarizə aparırlar. Artıq turnirin favoritləri də müəyyənləşmişdir. Bunlar Vüqar Əliyev və Ulya Salmanovadır.
Belə turnir ilk dəfə keçirilir və bu işdə baş sponsor “Turtle Wax” firmasının xidməti az deyildir. Sponsorlar sentyabrın 22-də adları açıqlanacaq qaliblərə və mükafatçılara pleyerlər, mobil telefonlar və sair prizlər hazırlamışlar. Lakin başlıcası, əlbəttə, hədiyyələr deyil, sponsorların yeni turnirlə uşaqlara bəxş etdikləri sevincdir, çünki Bakıda belə yarışlar hələlik o qədər də tez-tez təşkil olunmur.