“GƏNC LİDERLƏR ÜÇÜN YAY UNİVERSİTETİ”NİN MƏZUNLARINA DİPLOMLAR TƏQDİM EDİLMİŞDİR
Bakı, 21 avqust (AZƏRTAC). Avqustun 21-də “İRƏLİ” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatlarının Milli Şurasının birgə təşkilatçılığı ilə avqustun 8-17-də keçirilmiş “Gənc Liderlər üçün Yay Universiteti”nin məzunlarına diplomların təqdimetmə mərasimi olmuşdur.
Mərasimdə gənclər və idman naziri Azad Rəhimov layihənin əhəmiyyətini vurğulayaraq gənclərin formalaşmasında oynadığı roldan danışmışdır.
Nazir məlumat vermişdir ki, son illər ölkəmizdə gənclərlə bağlı çoxsaylı layihələr həyata keçirilmişdir. Təkcə bu yay mövsümündə 1000-ə yaxın gənc müxtəlif rayonlarda təşkil edilmiş düşərgələrin iştirakçısı olmuşdur.
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinindən danışaraq hazırda dünyanın bir sıra nüfuzlu ali təhsil ocaqlarında azərbaycanlı gənclərin dövlət hesabına təhsil aldığını bildirmiş və bunu ölkəmizin böyuk uğuru adlandırmışdır.
“İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı məlumat vermişdir ki, bu yay mövsümündə müxtəlif rayonlarda informasiya texnologiyaları üzrə, arxeoloji, debat və beynəlxalq düşərgələr təşkil edilmişdir.
Tədbirdə Yay Universitetinin fəaliyyətini əks etdirən film nümayiş olunmuşdur.
Sonra məzunlara diplomlar təqdim edilmişdir.
Xatırladaq ki, layihə çərçivəsində 130 nəfər gənc lider üçün ritorika və natiqlik bacarıqları, liderlik təlimləri, işgüzar etiket, layihələrin yazılması və idarə olunması, insan hüquqları, şəbəkələşmə, müasir internet texnologiyaları mövzusunda treninqlər, Azərbaycan tarixinin XX əsri əhatə edən dövrü, Azərbaycançılıq ideyası, milli diplomatiyası, müasir jurnalistika haqqında mühazirələr keçirilmişdir. Bununla yanaşı gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə maraqlı intellektual oyunlar, ekskursiyalar, idman yarışları, mədəni-əyləncəli proqramlar təşkil olunmuşdur.
Yay Universiteti çərçivəsində həmçinin gənclər ətraf rayonlara səfərlər etmiş, o cümlədən sərhədyanı hərbi hissəsində olmuşlar.
######
