Gənc rəssam Füzulidən olan 78 Vətən müharibəsi şəhidinin portretini çəkib VİDEO
Füzuli, 3 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Füzulidə “Zəfərimiz gəncliyimizin mənəvi zirvəsidir” adlı rəsm sərgisi açılıb. Sərgidə gənc rəssam Türkan Məmmədlinin əl işlərindən ibarət 82 əsəri nümayiş olunub ki, onlardan 78 ədədi Vətən müharibəsində Füzulidən olan şəhidlərin portretidir. Gənc rəssamın əl işləri içərisində general Polad Həşimov, Xudayar Yusifzadə, "Xarıbülbül", həmçinin Türkiyə və Azərbaycan prezidentlərinin portretləri də yer alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rəsm sərgisi Füzuli rayon Heydər Əliyev Mərkəzində gerçəkləşib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, Yeni Azərbaycan Partiyasının Füzuli rayon üzrə nümayəndəsi, Füzuli rayon Təhsil Şöbəsinin əməkdaşları, şəhid ailələri, N saylı hərbi hissənin nümayəndələri, rayon ictimaiyyəti və müxtəlif sahələrdə çalışan gənclər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək gənclərimizin örnək nümunəsi olan şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından danışıb. Digər iştirakçılar və şəhid ailələri çıxış edərək əldə olunan parlaq Qələbədən və haqq savaşı uğrunda canlarını fəda edən şəhidlərin qəhrəmanlıqlarından danışıblar. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirin davamında həvəskar rəssam Türkan Məmmədlinin Vətən müharibəsi şəhidlərinin çəkdiyi portretlərdən ibarət sərgiyə baxış keçirilib. Sərgidəki şəhidlərimizin portretləri Türkan Məmmədli tərəfindən Füzulidə yaşayan şəhid ailələrinə təqdim olunub. Eyni zamanda, gənc rəssam və bir qrup gənc Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlarla təltif edilib. Məktəblilər şeir kompozisiyaları ilə çıxış ediblər. Daha sonra “Gənclərimiz gələcəyimizdir” adlı videoçarx tədbir iştirakçılarına təqdim olunub.