Gənc soydaşlarımız Tbilisidə keçirilən güləş turnirində 2 medal qazanıblar
Tbilisi, 1 iyul, AZƏRTAC
Tbilisi şəhərində yerləşən Mamuka Sultanişvili adına idman arenasında Gürcüstanın Əməkdar məşqçisi Quram Quladişvilinin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda 2011–2013-cü il təvəllüdlü və 2014–2016-cı il təvəllüdlü idmançılar müxtəlif çəki dərəcələri üzrə mübarizə aparıblar.
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) yunan-Roma güləşçiləri turnirdə uğurla çıxış ediblər.
Yarışın yekunlarına əsasən, soydaşlarımızdan Ömər Musaqulov I yerə layiq görülüb. Cəsur Mustafayev isə III yeri tutub.
Qaliblər diplom, medal və 150 lari dəyərində hədiyyə sertifikatı ilə təltif olunublar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi