“Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxış edərək “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyinə qatılan iştirakçılara uğurlar arzulayıb. Ölkəmizin bugünkü uğurlarının əsasında Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin, xalqına, Vətəninə sonsuz məhəbbətinin dayandığını bildirən M.Həsənov dahi rəhbərin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və öndər kimi əbədi qalacağını qeyd edib. Ulu Öndərin mütərəqqi siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Məhz bunun nəticəsində 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan dədə-baba torpaqlarımız cəmi 44 gün ərzində şanlı Ordumuz tərəfindən azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Sonra FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva və Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov yarışın gənc nəslin tərbiyəsində oynadığı roldan danışıb və iştirakçılara uğurlar arzulayıb, "Heydər Əliyev İli"nin əhəmiyyətindən, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən söz açıblar.
Daha sonra yarışa start verilib. Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub. Keçirilən yarışda Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələrinin komandaları iştirak ediblər.
Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən, paytaxtın Yasamal rayonunun 31 nömrəli məktəbi 1-ci, Nizami rayonunun 220 nömrəli məktəbi 2-ci və Xətai rayonunun 95 nömrəli məktəbi 3-cü yerə layiq görülüblər.
Qeyd edək ki, qalib komandalar “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıblar.