“Gəncə” basketbol klubunun baş məşqçisi: Pley-off oyunlarında favorit olmur
Bakı, 21 aprel, AZƏRTAC
“Sabah”ı kubokun finalında məğlub etmişdik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində “Sabah”la qarşılaşacaq “Gəncə” komandasının baş məşqçisi Halil Atlı deyib.
O, “Sabah”ın liqanın ən yaxşı komandalarında biri olduğunu bildirib: “Büdcə və heyət baxımından üstündürlər. Kubok və pley-off oyunları fərqlidir. Bu cür komandalara qarşı seriya matçları daha çətindir. Kubokun finalında oyun planımızı pozmadıq və birinci olduq. Bu dəfə işimiz daha çətindir. Lakin mən komandama inanıram. Bilirəm ki, oyunçularım sonadək mübarizə aparacaqlar. Bəli, insanların beynində “Sabah” üstün tərəf ola bilər. Amma pley-off matçlarında favorit olmur. Bu da basketbolu gözəlləşdirən faktorlardan biridir. Daha da irəli getmək istəyirik. Səhvlərimizi azaldıb, turu keçmək üçün sonadək döyüşəcəyik. Ən önəmlisi, öz oyunumuza baxmalıyıq. Mövsümü müsbət notlarla bitirmək istəyirik”.
Qeyd edək ki, yarımfinal pley-off seriyalarında ilk oyunlar 22-23 apreldə keçiriləcək. Reqlamentə əsasən, seriyalarda ən tez iki qələbə qazanmış komandalar finala yüksələcəklər.