Gəncədə Azərbaycan könüllüləri üçün karyera sərgisi təşkil edilib
Bakı, 15 dekabr, AZƏRTAC
Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in tərəfdaşlığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində növbəti layihə Gəncə şəhərində könüllülərimiz üçün təşkil edilən karyera sərgisi olub.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, sərgidə 27 aparıcı özəl şirkət təmsil olunaraq könüllülər üçün vakansiyalar təqdim ediblər.
“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində ölkəmizin gözəl guşəsi olan Gəncədə keçirilən karyera sərgisində təcrübəli və iş potensialı yüksək olan gənc könüllülərimizə dövlət və özəl qurumların iş strukturu ilə yaxından tanış olmaları üçün şərait yaradılıb.
Könüllülər sərgidə iştirak edərək şirkət nümayəndələrindən müəssisələrin fəaliyyəti və mövcud iş vakansiyaları ilə bağlı ətraflı məlumat alıblar.
Qeyd edək ki, 2018-ci ildən etibarən həyata keçirilən Könüllülük Həftəsi çərçivəsində baş tutan layihə və tədbirlər 2023-cü ildə daha fərqli formatda həyata keçirilməkdədir. Buna səbəb ildən-ilə ölkə rəhbərliyi tərəfindən könüllülük hərəkatının inkişafına daha geniş imkanların yaradılmasıdır.