Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd olunub
Gəncə, 27 may, Elcan Məmmədov, AZƏRTAC
Gürcüstanın Gəncədəki Baş Konsulluğu ölkəsinin Müstəqillik Gününü qeyd edib. Məhsəti Gəncəvi Mərkəzində keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gürcüstanın Azərbaycandakı səfirliyinin nümayəndələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Azərbaycan və Gürcüstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Kaxaber Abdaladze ölkəsinin müstəqilliyə gedən yolundan, dövlət quruculuğu prosesindən və bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, Gürcüstan müstəqilliyini daha da möhkəmləndirir, iqtisadiyyatını və demokratik təsisatlarını inkişaf etdirir. Baş konsul, həmçinin vurğulayıb ki, Gürcüstanın xarici siyasətində Azərbaycanla əməkdaşlıq xüsusi yer tutur. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri bir çox sahələrdə, xüsusilə enerji, nəqliyyat, ticarət və mədəniyyət sahələrində uğurla inkişaf edir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gürcüstan xalqını əlamətdar gün münasibətilə təbrik edib. O, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərə dayandığını qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Gürcüstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında yüksəksəviyyəli siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat sahəsində birgə layihələr regional inteqrasiyaya və təhlükəsizliyə mühüm töhfə verir.
Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib. Sonda iştirakçılara Gürcüstan milli mətbəxinin təamları təqdim olunub.