Gəncədə “Təmiz şəhər” aksiyası davam etdirilir
Gəncə, 17 dekabr, Elcan Məmmədov, AZƏRTAC
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Gəncə şəhərində, “Təmiz şəhər” aksiyası davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu deviz altında bu gün təşkil olunan ümumşəhər iməciliyi şəhərin park və xiyabanlarında, küçə və prospektlərində, yaşayış massivlərinin ətrafında və Gəncəçayının vadisində aparılıb. Kommunal xidmətlərin canlı qüvvə və texnikalarının cəlb olunduğu aksiyada şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.
Bundan başqa prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. Yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb. Aksiya çərçivəsində mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilir, yeni ağaclar, kollar, güllər əkilir, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.