MƏDƏNİYYƏT
Gəncənin “Göygöl” ansamblının Qırğızıstanda uğurlu çıxışı
Bakı, 15 dekabr, AZƏRTAC
Qırğızıstanın Karakol şəhərində Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı estafetinin Sankt-Peterburq şəhərinə ötürülməsinə həsr olunan "Karakol 2022" adlı mərasim keçirilib.
Azərbaycan, Qazaxıstan, Rusiya, Belarus və Qırğızıstandan olan 50-dən artıq bədii və musiqi kollektivlərinin iştirak etdiyi tədbirdə ölkəmizi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı uğurla təmsil edib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Karakol 2022 - Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı” ilinə yekun vuran Karakol şəhərinin meri Ermat Cumayev çıxışında son bir il ərzində şəhərdə 20-dən artıq beynəlxalq və respublika əhəmiyyətli tədbir keçirildiyini bildirib.
Təntənəli hissədən sonra kollektivlərin hazırladıqları bədii proqram təqdim olunub. Konsertdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblı öz rəngarəng proqramını tamaşaçılara təqdim edib. Bəstəkar və xalq mahnılarından ibarət maraqlı proqramla bərabər zəngin Azərbaycan rəqs nümunələri də tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.
Tədbirin sonunda Qırğızıstan Prezidentinin İssık-Kul vilayətindəki səlahiyyətli nümayəndəsi Azərbaycan nümayəndə heyətinə fəal iştiraka görə öz dərin minnətdarlığını bildirərək Gəncə Dövlət Filarmoniyasının rəhbərliyinə təşəkkürnamə təqdim edib.