Gənclər sağlam həyat tərzi seçir
Bakı, 15 dekabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu Turizm və Menecment Universiteti ilə birlikdə “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirici tədbir keçirib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun məsul əməkdaşı və Turizm və Menecment Universitetinin nümayəndəsi iştirak edib.
Görüşdə narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına ziyanı və onun törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilib, tələbələri maraqlandıran suallar ətrafında diskussiyalar aparılıb.
Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları uşaqlar arasında paylanılıb. Məktəbin müəllim heyətinə “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça təqdim edilib.