Gənclər Təşkilatları Milli Şurası Ermənistanın Oxçuçayı çirkləndirməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) ölkə ərazisindən keçən transsərhəd çaylarından olan Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
NAYORA-dan AZƏRTAC-a bildiriblər ki, müraciətdə Azərbaycan gəncləri və gənclər təşkilatları beynəlxalq ictimaiyyətin diqqətini transsərhəd çayı olan Oxçuçayın Ermənistan tərəfindən daim çirklənməyə məruz qalmasına və onun çirklənməsinin əhalimizin istifadə etdiyi su ehtiyatlarının keyfiyyətinə birbaşa təhlükə törətməsinə çəkiblər. Bundan əlavə, Oxçuçayın çirklənməsinin biomüxtəliflik, ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı diqqətə çatdırılıb.
Gənclər təşkilatları regionda ekoloji təhlükəsizliklə bağlı Ermənistan hakimiyyətinin məsuliyyət daşıdığını qeyd etməklə, beynəlxalq təşkilatları Ermənistanın ətraf mühiti zərərli maddələrlə çirkləndirməməsi, təbii yaşayış mühitini, habelə əhalinin, xüsusən də gənc nəslin sağlamlığını və təhlükəsizliyini təhdid altına almağı dayandırması üçün kəskin etirazlarını bildirməyə və nəhayət, bununla da Ermənistan hökumətinin məsuliyyətli davranmasını tələb etməyə çağırıblar.
Müraciətdə yalnız bu yolla ölkələrimiz arasında etimadın qurulması, ekoloji təhlükəsizliyin təmin edilməsi və bölgədə davamlı sülhün bərqərar olması üçün yol açıla biləcəyi qeyd edilib.