GƏNCLƏR TƏŞKİLATLARI SAĞLAM HƏYAT TƏRZİNƏ TƏRƏFDARDIR
Cəmiyyətin sədri Fuad Muradov mətbuat konfransını açaraq bildirmişdir ki, 16 yaşınadək uşaqların qatıldıqları bu layihə siqaret çəkməyin mənfi təsirini onlara formal aşılamaq yolu ilə deyil, bu uşaqlarda sağlam həyat tərzinə maraq prinsipini maarifləndirmə və idmanla məşğul olmaq vasitəsilə inkişaf etdirmək məqsədi daşıyırdı.
O demişdir ki, rəsmi hesablamalara görə, ölkədə 800-950 min siqaret çəkən var, lakin tütün bazarı nümayəndələrinin fikrincə, əslində onların sayı 250-270 min nəfər çoxdur. Statistika məlumatına gəldikdə isə, ötən il təqribən 450 milyard manatlıq siqaret satılmışdır. Artım meyli nəzərə alınarsa, bu il siqaret satışının həcmi 5-7 faiz artmışdır. Yəni ölkəmizdə tütün məmulatının istehlak dinamikası cüzi artıma meyil edir, lakin daimi xarakter daşıyır. Siqaretçəkənlər ordusu isə, əsasən, məktəbyaşlı uşaqlar hesabına artmaqdadır.
F.Muradov bildirmişdir ki, ARGTMŞ “Qaradağ-sement”lə birlikdə iyunun əvvəlindən etibarən müxtəlif əlamətdar tarixlərə (ümumdünya narkomaniya, siqaretçəkmə ilə mübarizə günlərinə) həsr olunmuş bir sıra tədbirlər – stolüstü tennis turniri, “Ən yaxşını seç”, “Sağlamlığa səs ver” mövzularında inşa müsabiqələri və s. keçirilmişdir.
Dekabrın 9-da kampaniyanın bağlanış mərasimində tədbir iştirakçıları qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Mətbuat konfransında pedaqoji kollektivlərin və “Qaradağ-sement”in nümayəndələri çıxış etmişlər.