GƏNCLƏRİMİZİN İDMANA CƏLB EDİLMƏSİ İSTİQAMƏTİNDƏ MÜHÜM İŞLƏR GÖRÜLÜR
AZƏRTAC xəbər verir ki, sentyabrın 14-də Bakıda BMT-nin Uşaq Fondu YUNİSEF və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında futbolun gücündən istifadə edərək təcrid olunmuş, əlverişsiz şəraitdə yaşayan oğlan və qızların idmanda iştirakını təmin etmək məqsədi ilə Anlaşma Memorandumu imzalanmışdır.
Hər iki qurum bir neçə komponentdən ibarət birgə kampaniya aparmağa qərar vermişdir.
Qadın məşqçilərin sayını artırmaq üçün məktəblərdə təlim kurslarının, kənd ərazilərində, məcburi köçkün düşərgələrində və uşaq müəssisələrində əlverişsiz şəraitdə yaşayan uşaqlar üçün tanınmış futbol ulduzları tərəfindən ustad dərslərinin keçirilməsi nəzərdə tutulmuşdur.
YUNİSEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri xanım Hana Singer demişdir. “Biz futbolun gücünə inanırıq. İdman gənclərə ədalətli oyun öyrətməyin ən düzgün yollarından biridir. O, həm də rəqiblərə hörmət, birgə iş, dözümlülük və vicdanlılığı öyrədir. İdman gənclərə tüfeyli həyat tərzindən, narkotik maddələrdən, zorakılıqdan və digər təhlükəli davranışlardan imtina etməyə kömək edir”.
AFFA-nın baş katibi Elxan Məmmədov bildirmişdir ki, təmsil olunduğu təşkilat futbolun populyarlığını, gənclər arasında sağlam həyat tərzinin təbliği ilə bağlı bilikləri artıran tədbirlərin keçirilməsində YUNİSEF-lə əməkdaşlıqdan məmnundur.
Natiq vurğulamışdır ki, bu tərəfdaşlıq AFFA üçün mühümdür. Çünki söhbət təkcə futboldan deyil, ümumiyyətlə, idman və inkişafdan gedir.