Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyi fəaliyyətə başlayıb
Astara, 3 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 3-də Astara Rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasiminin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Açılış mərasimində çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin direktoru Asim Yusifov rayonun gənclərini əlamətdar hadisə münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.
Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən, gənclər üçün yaradılan imkanlardan danışaraq, gəncləri bu imkanlardan yararlanmağa dəvət ediblər.
Qeyd olunub ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin məqsədi gənclərin hərtərəfli inkişafının təmin olunması, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdir.
Yeni yaradılan nümayəndəlikdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər keçiriləcək.
Nümayəndəlik vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlarda iştirak etmək imkanı qazanacaqlar.
Diqqətə çatdırılıb ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin fəaliyyətə başladığı şəhər və rayonların sayı 41-ə çatıb. Bu il ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin açılması nəzərdə tutulub.
Çıxışlarda astaralı gənclərə “Gənc könüllü” Proqramına qoşulmaq tövsiyə olunub.
Tədbir əyləncəli videoçarxların nümayişi, maraqlı viktorinalar və təlim xarakterli oyunlarla davam etdirilib.