“Gənclik və Dövlətçilik” Gənclər Forumu keçirilmişdir
Bakı, 25 aprel (AZƏRTAC). Aprelin 25-də Gəncliyə Yardım Fondunda “Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatının (UGT) təşəbbüsü ilə “Gənclik və Dövlətçilik” Gənclər Forumu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Prezidentinin siyasətini dəstəkləyən gənclər, ziyalılar, KİV rəhbərləri iştirak etmişlər.
UGT-nin sədri Fərid Şahbazlı bildirmişdir ki, müasir dövrdə artıq bütün dünyada, o cümlədən Azərbaycanda gənclər ölkədə gedən ictimai-siyasi proseslərdə daha yaxından iştirak edirlər. Azərbaycanda gənclərin bütün sahələrdə fəaliyyəti üçün hər cür şərait mövcuddur. Müstəqil Azərbaycanda gənclərin xaricdə təhsil alması dövlətin gənclər siyasətində mühüm yer tutur. Hazırda 5 mindən çox azərbaycanlı gənc dünyanın aparıcı ali məktəblərində müxtəlif ixtisaslara yiyələnir. Eyni zamanda, onlar xarici ölkələrdə xalqımızı təmsil edir, qədim və zəngin mədəniyyətimizin, adət və ənənələrimizin təbliğində mühüm rol oynayırlar.
Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim vurğulamışdır ki, Azərbaycan yeganə ölkədir ki, ölkə rəhbərliyi gənclərin inkişafına belə yüksək səviyyədə diqqət və qayğı göstərir.
Milli Məclisin deputatları Elmira Axundova, Jalə Əliyeva və digər çıxış edənlər qeyd etmişlər ki, Azərbaycan dövləti daim gənclərə arxalanır və inanır. Ölkəmizdə gənclərin hər sahədə problemləri daim araşdırılır və həmin problemlərin həlli üçün mühüm addımlar atılır. Azərbaycanda 2007-ci ilin “Gənclər ili”, 2009-cu ilin “Uşaq ili” elan olunması ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında gənclərin fəal iştirakını təmin etmişdir. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul etməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı haqqında” Sərəncam imzalaması ölkədə gənclərə göstərilən qayğının daha bir nümunəsidir.
Forumda iştirak edən gənclər Prezidentin rəhbərliyi ilə aparılan islahatlardan söz açmış, dövlətçilik maraqlarının hər şeydən üstün olduğunu qeyd etmişlər. Gənc liderlər, eyni zamanda, son vaxtlar radikal müxalifətin dövlətçilik əleyhinə fəaliyyətini kəskin pisləmişlər. Bildirilmişdir ki, Azərbaycan gəncləri ölkə Prezidentinin siyasətini daim dəstəkləyir.