“Goldman Sachs”: Körfəzdən neft axınları iyulun əvvəlində müharibədən əvvəlki səviyyəyə çata bilər
Bakı, 30 iyun, AZƏRTAC
Ötən həftə Hörmüz boğazından gəmi ilə daşımalar fevralın sonunda başlayan Yaxın Şərqdəki münaqişədən bəri ən yüksək səviyyəyə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın analitiklərinin qeydində deyilir.
Bildirilir ki, Körfəzdən neft axınları son iki həftənin orta tempi ilə bərpa olunmağa davam edəcəyi təqdirdə, gündəlik daşımalar iyulun əvvəlində müharibədən əvvəlki səviyyə olan - təxminən 23 milyon barelə çata bilər.
Birjalarda neft qiymətləri ABŞ-İran danışıqları ilə bağlı gözləntilər fonunda ucuzlaşır. Hazırda “Brent” markalı xam neftin bir bareli 72 dollar, “Light” neftinin bir bareli isə 70 dollar civarındadır.
Ekspertlərin fikrincə, investorlar Dohada gözlənilən mümkün ABŞ-İran danışıqlarının gələcəyini qiymətləndirməyə başlayıblar və müsbət nəticə gözləntiləri ilə qiymətlər formalaşdırırlar. Lakin Hörmüz boğazından neft axınının tam normal vəziyyətə qayıtdığına dair hələ ki konkret əlamətlər yoxdur. Bazarda isə ehtiyatlı nikbinlik hökm sürür.
Bundan başqa, İran və Oman ekspertlərinin yaxın günlərdə Hörmüz boğazından tranzit marşrutlarını yenidən müəyyənləşdirmək üçün danışıqlara başlaması gözlənilir. İranın təyin olunmuş marşrutlardan kənar gəmilərin keçidinə maneə törətməyə çalışacağı bildirilir. Rəsmi Tehran Hörmüz boğazından dəniz nəqliyyatı üzərində nəzarəti saxlamaq əzmini bir daha təkrarlayıb. Oman tərəfi isə Hörmüz boğazından keçid üçün rüsumların tətbiq edilməsini dəstəkləmədiyini açıqlayıb.
Bütün bu proseslər fonunda Hörmüz boğazında nəqliyyat axını artır. “Kpler”in məlumatlarına görə, bazar ertəsi günü neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmilər və digər daşıyıcılar da daxil olmaqla 24 tanker boğazdan hər iki istiqamətdə keçib. Bu gün isə bir supertanker və bir sıra kiçik gəmi körfəzdə müşahidə olunub. Təxminən 11 milyon barel xam neft daşıya bilən bu tankerlər və onların hərəkəti gəmi sahibləri arasında bu marşrutdan istifadəyə inamın artdığını göstərir. Gəmi sahibləri, treyderlər və qlobal investorlar tankerlərin körfəzə qayıtmasını diqqətlə izləyir. Bu inkişaflar regional istehsalçıların istehsalı bərpa etməsi üçün vacibdir.