GÖMRÜKÇÜLƏR ƏNƏNƏYƏ SADİQDİRLƏR
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, komitənin əməkdaşları 2004-cü ildən ağır talassemiyalı xəstələrin qana olan tələbatını ödəmək üçün hər il ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ərəfəsində könüllü donor kampaniyası keçirmək təşəbbüsünü irəli sürmüşlər. “Savab Dünyası” Talassemiya Assosiasiyasının məlumatına görə, son 5 ildə Azərbaycan üzrə rekord qanvermə mərasimi məhz ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsində keçirilmişdir. Bu il dekabrın 10-da yenidən bir araya gələn gömrükçülər xeyirxah ənənələrinə sadiq qalaraq, talassemiyalı xəstələr üçün qan vermişlər.
Qanverməni “Savab Dünyası” Talassemiya Assosiasiyasının və Dövlət Qan Bankının tibb heyəti həyata keçirmişdir.