GÖMRÜKÇÜLƏR İLƏ YEKUN VURMUŞLAR
Ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Komitənin sədri, gömrük xidməti general-polkovniki Kəmaləddin Heydərov “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2003-cü ildəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr” haqqında məruzəsində hesabat dövründə gömrük nəzarətinin və maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi, gömrük vergi qanunvericiliyinə dair normativ hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli işlər görüldüyünü, beynəlxalq maliyyə təşkilatları ilə müzakirələr aparıldığını, Dünya Gömrük Təşkilatı tərəfindən təşkil edilmiş müxtəlif mövzulu seminarlarda gömrük əməkdaşlarının təcrübə keçdiyini bildirmişdir.
Komitə sədri bildirmişdir ki, 2003-cü il üçün müəyyən edilmiş 1 trilyon 20 milyard manat büdcə proqnozuna qarşı 1 trilyon 61 milyard manat gömrük vergi və rüsumları toplanıb dövlət büdcəsinə köçürülmüşdür. Bu, ötən illə müqayisədə 139 milyard manat və ya 15 faiz çoxdur.
Qarşıda duran vəzifələrdən danışan Kəmaləddin Heydərov gömrük işinin təşkilində şəffaflığın təmin olunmasının, xidmət mədəniyyətinin yüksəldilməsinin və gömrük prosedurlarının daha da sadələşdirilməsinin vacibliyini vurğulamış, qaçaqmalçılığa qarşı mübarizənin daha da gücləndirilməsini, vergidən yayınma hallarının qarşısının qətiyyətlə alınmasını, idxal-ixrac əməliyyatları üzrə büdcəyə ödəniləsi gömrük vergi və rüsumlarının artırılması üçün mövcud ehtiyat mənbələrindən səmərəli və dolğun istifadə edilməsini əsas vəzifələr kimi nəzərə çarpdırmışdır.
Sonra fərqlənən 5 nəfər əməkdaşa Dünya Gömrük Təşkilatının fərmanları verilmiş, xidmətdə fərqlənən bir qrup əməkdaşlara Komitənin fəxri fərmanları, hədiyyələr təqdim edilmişdir.
İclasda Komitənin 2004-cü il üçün iş planı təsdiq olunmuşdur.