GORANBOYUN EYVAZLILAR KƏNDİNDƏ “İDMAN QURĞULARININ YARADILMASI” SOSİAL LAYİHƏSİ BAŞA ÇATMIŞDIR
Goranboy, 27 avqust (AZƏRTAC). Goranboy rayonunun Eyvazlılar kəndində “bp-Azərbaycan” şirkəti və onun tərəfdaşlarının dəstəyi ilə “İdman qurğularının yaradılması” Birləşmiş Büdcə layihəsi başa çatmışdır.
Qurğunun açılışına həsr olunmuş mərasimdə kənd icmasının üzvləri, bp, Uşaqların Xilası Təşkilatı və rayon icra hakimiyyətinin təmsilçiləri, iş adamları iştirak etmişlər.
Mərasimdə bp-nin nümayəndəsi Tamam Bayatlı, İctimai Sərmayə Proqramının rəhbəri Seymur Yusifli, rayon icra hakimiyyətinin nümayəndəsi Məhəmməd Aşırov, Eyvazlılar icma qrupunun sədri Göyüş Nağıyev, “Yəhya” kəndli fermer təsərrüfatının sədri Elxan Məmmədov çıxış edərək, Birləşmiş Büdcə Təşəbbüsü çərçivəsində həyata keçirilən sosial layihənin əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, “bp-Azərbaycan” şirkəti və onun tərəfdaşlarının dəstəyi ilə həyata keçiriləcək “Birləşmiş Büdcə Təşəbbüsü” layihəsininin məqsədi BTC neft və Cənubi Qafqaz Qaz Boru Kəməri obyektlərinin yaxınlığında yerləşən kənddə mövcud ehtiyacların ödənilməsi üçün icma, yerli hakimiyyət orqanları və özəl sektor arasında əməkdaşlıq yaratmaqdır. Eyvazlılar icma qrupunun lideri “Uşaqların xilası” təşkilatı ilə birgə hökumət strukturları və özəl biznes təşkilatları ilə danışıqlar aparmış, nəticədə rayon icra hakimiyyəti və “Yəhya” kəndli fermer təsərrüfatı ümumi dəyəri 16 min 547,60 manat olan “İdman qurğularının yaradılması” Birləşmiş Büdcə layihəsinində iştirak etmişlər.
Layihənin rəmzi açılışını bildirən lent kəsildikdən sonra Eyvazlılar gənclərinin iştirakı ilə idman yarışları keçirilmişdir. Sonra bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə inşa olunmuş və yeni istifadəyə verilmiş yem emalı müəssisəsinə baxış keçirilmişdir.