Göyçay narının özündən də dadlı olan mürəbbəsi FOTO VİDEO
Göyçay, 27 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Min bir dərdin dərmanı, meyvələrin şahı olan nardan bir çox məhsullar hazırlanır. Onlardan biri də nar mürəbbəsidir.
AZƏRTAC xəbər verir ki, el arasında nardança kimi də tanınan nar mürəbbəsini hazırlamaq üçün narın əsasən “Gülövşə” sortundan istifadə edilir.
Göyçayın əksər evlərində narşərabı hazırlansa da, nardançanı hər kəs bişirə bilmir. Ləkçıplaq kənd sakini Kəmalə Tahirova deyir ki, nar mürəbbəsini hazırlamaq üçün nar gilələri dənələndikdən sonra, təmiz su ilə yuyulub ocaq üzərindəki qaba tökülür. Təxminən 4-5 dəqiqə od üzərində qalan nar gilələrinin suyu çıxır və üzərinə şəkər tozu əlavə olunur. Nar mürəbbəsi 15-20 dəqiqə ocaq üzərində qaldıqdan sonra tam bişmiş sayılır.
Narın növünə, dənələrinin iri və xırda olmasına, şəkər tozunun əlavə edilməsinə görə mürəbbənin rəngi, dadı və qoxusu dəyişə bilər. Mürəbbə hazır olduqdan sonra, şüşə qablara yığıldıqda bir ildən çox saxlamaq olur. Nar mürəbbəsi çayla içilir, həmçinin çörəklə, plov və digər yeməklərlə də yeyilir.
Mürəbbənin satışı kütləvi həyata keçirilməsə də, alıcısı kifayət qədərdir.
Ləkçıplaq kəndinin digər sakini Məlahət Tahirova isə bildirir ki, bağında nar ağacı olan sakinlər nar mürəbbəsindən xeyli gəlir əldə edə bilir: “Düzdür, bölgələrimizdə bir çoxu nar mürəbbəsindən xəbərsizdir, görməyib. Amma bir dəfə dadına baxan, hər il bu məhsuldan almaq istəyir”.
Narın özü kimi, mürəbbəsi də bir çox xəstəliklərdə dərman kimi qəbul edilir. Müsahibimiz deyir ki, digər mürəbbələrdən fərqli olaraq nar mürəbbəsi vitaminlərlə daha zəngindir. Nardan şirə, şərab, mürəbbə, çaxır da hazırlanır.
Qeyd edək ki, Göyçayda narın əsasən, “Gülövşə”, “Şıxbaba”, “Vələs”, “Şirin nar”, “Bala Mürsəl” və digər sortları yetişdirilir. Bağlardan yığılan tonlarla nar hər il yerli bazarla yanaşı, əsasən Rusiya bazarlarına da çıxarılır.