Göyçayda kanala aşan avtomobilin sürücüsünün meyiti sudan çıxarılıb YENİLƏNİB 2 VİDEO
Göyçay, 30 iyun, AZƏRTAC
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şirvan kanalına aşan avtomobilin sürücüsü, Göyçay rayonunun Ləkçıplaq kənd sakini, 84 yaşlı Ağalar Osmanovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
15:02
Göyçayda su kanalına aşan avtomobilin sürücüsünün axtarışına FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda avtomobilin kanala düşdüyü ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. İlkin məlumata görə, avtomobildə olan şəxs sürücü, Göyçay rayonunun Ləkçıplaq kənd sakini, 84 yaşlı Ağalar Osmanovdur.
11:35
Göyçayda iki avtomobil toqquşub. Avtomobillərdən biri su kanalına düşüb. Hadisə Cəyirli-Alpout avtomobil yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Toqquşmanın təsirindən avtomobillərdən biri Şirvan kanalına aşıb.
Hazırda nəqliyyat vasitəsinin kanaldan çıxarılması istiqamətində işlər aparılır. İlkin ehtimala görə, sürücü kanala aşan avtomobildə qalıb.
Hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.
Müxbir – Rəşad Türkoğlu