Göyçayda narkotik vasitə alverçilərinin birində qumbara aşkarlanıb
Bakı, 27 iyul, AZƏRTAC
Göyçay rayonunda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan şəxslər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı rayonun Çayarxı kənd sakini Xəyal Məmmədov tutulub. Axtarış zamanı həmin şəxsdən metamfetamin (“patı”) və üzərində daşıdığı sellofan torbadan “F-1” əl qumbarası aşkarlanaraq götürülüb.
Daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan əvvəllər məhkum olunmuş Elvin Qafurovdan metamfetamin aşkarlanıb. Araşdırma zamanı bir neçə gün öncə keçirilən əməliyyat tədbirləri ilə tutulan, üzərindən heroin və metamfetamin aşkarlanan Kamil Qəndəliyevə narkotik vasitəni satan şəxsin E.Qafurov olduğu müəyyən edilib.
Faktlarla bağlı polis şöbəsində araşdırma aparılır.