Göyçayda Xocalı sakinləri ilə görüş keçirilib, ehsan süfrəsi açılıb
Göyçay, 26 fevral, AZƏRTAC
Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində rayonda məskunlaşan Xocalı sakinləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xocalı faciəsi barədə və azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasəti haqqında məlumat verilib. Çıxış edənlər bildiriblər ki, son illər Azərbaycan hökuməti Xocalı faciəsi barədə həqiqətlərin dünya miqyasında tanınması və obyektiv qiymət alması istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdədir. Artıq bəzi ölkələrdə bu istiqamətdə müəyyən nəticələr əldə edilib. Natiqlər Xocalı soyqırımının bütün dünyada tanınacağına və bununla bağlı ədalətli qərar veriləcəyinə inandıqlarını bildiriblər.
Xocalı sakinləri Rəşid Hümbətov, Rəhman Əhmədov, Şuşa sakini Səməd Həsənov, Göyçay ziyalısı Xəlil Orucov çıxış edərək ermənilərin xalqımıza qarşı zaman-zaman törətdikləri soyqırımlardan söz açıblar.
Qeyd edilib ki, 23 il əvvəl fevralın 25-dən 26-na keçən gecə ermənilərin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının əsgərlərinin və texnikasının köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edərək dinc sakinlərə qarşı dünyanın gözü qarşısında insanlığa sığmayan vəhşilik törədilib. Tədbirdə yüzlərlə insanın amansızlıqla qətlə yetirildiyi ürəkağrısı ilə yada salınıb, beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımına hüquqi və siyasi qiymətin verilməsi tələb edilib.
Bildirilib ki, bu gün dünyanın hər yerində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, faciə qurbanlarının xatirəsi yad edilir. Xocalı sakinləri bu gün Azərbaycanın 50 rayonunda məskunlaşıb. Öz doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirən Xocalı sakinləri digər məcburi köçkünlərə də səbir və qətiyyət diləyiblər. Görüşdə Xocalıdan olan məcburi köçkünlərin sosial problemlərlə bağlı şikayətləri dinlənilib, onların həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində məcburi köçkünlərin iştirakı ilə Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb. Xocalıdan olan məcburi köçkün ailələrinə maddi yardım verilib. Həmin gün rayonun məscidlərində faciə qurbanlarının ruhuna dualar oxunub.