Göygöl rayonunda fermer və sahibkarlarla görüş keçirilib
Göygöl, 29 iyun, Elcan Məmmədov, AZƏRTAC
İyunun 29-da Göygöl rayonunun Üçtəpə kəndində yerləşən heyvandarlıq təsərrüfatında ilk aqrar sığorta ödənişinə həsr olunmuş tədbir və fermerlərlə görüş keçirilib.
Tədbirdə, Aqrar Sığorta Fondunun rəhbərliyi, yerli icra hakimiyyətinin və Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri, Göygöl və ətraf rayonlardan olan fermer və sahibkarlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov dövlət dəstəyi nəticəsində aqrar sığortanın tətbiqinin getdikcə genişləndiyini, əkin sahələrini və heyvanlarını sığortalayan fermerlərin sayının artmaqda olduğunu söyləyib. Onun sözlərinə görə, indiyədək aqrar sığorta çərçivəsində ümumilikdə 1,7 milyon manatdan artıq sığorta haqqı toplanılıb. Bu məbləğin 1,2 milyon manatı heyvandarlıq, 500 min manatı isə bitkiçilik sektorundan əldə olunub. İyun ayına olan məlumata görə, indiyədək 2100-ə yaxın mal-qara və 11,2 min hektar əkin sahəsi sığortalanıb. Ən çox sığortalanan əkinlər - buğda, pambıq, arpa və üzüm sahələridir.
“Sığorta ödənişinə başlanması aqrar sığorta sisteminin etibarlı çalışdığını, öz vəzifələrini yerinə yetirməyə başladığını göstərir”, - deyən F.Sadıqov bildirib ki, heyvandarlıq və əkin sahələri ilə bağlı bir neçə yeni sığorta hadisələri də qeydə alınıb və yaxın günlərdə onlar üzrə ödənişlər həyata keçiriləcək.
Fermer Bəhruz Mustafa təsərrüfatında baş verən sığorta hadisəsindən sonra aqrar sığorta ödənişi aldığından məmnun qaldığını bildirib. Onun sözlərinə görə, sığorta sisteminin fəaliyyətə başlaması aqrar sahədə çalışan iş adamlarını daha da həvəsləndirəcək. Fermer yaxın vaxtlarda təsərrüfatı genişləndirəcəyini, o cümlədən yeni inəklər alacağını deyib.
Tədbirdə Aqrar Sığorta Fondu tərəfindən fermerə simvolik ödəniş çeki də təqdim edilib.
Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu tərəfindən südlük inək və camışlar, 14 bitki növü (buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq) və akvakultura məhsulları (balıqlar) sığortalanır.
Yaxın vaxtlarda aqrar sığortanın əhatə dairəsi genişlənəcək, ətlik mal-qara, qoyun-keçi təsərrüfatları da sığortalanacaq, bitkilərin siyahısı isə indiki 14-dən 40-a qaldırılacaq.
Hazırda fermerlər və sahibkarlar Aqrar Sığorta Fonduna və aqrar sığorta sisteminə daxil olan şirkətlərə müraciət etməklə təsərrüfatlarını sığortalaya bilərlər.