Gülçöhrə Məmmədova: Şəhərlərin problemlərinin həlli üçün çoxşaxəli yanaşma tələb olunur
Bakı, 21 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Akademiya və tədqiqat“ üzrə dəyirmi masada şəhərsalma sahəsində mütəxəssis hazırlığının gücləndirilməsinin vacibliyi qeyd olunub.
AZƏRTAC-ın məlumatına görə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova çıxışında bildirib ki, ölkədə memarlıq və şəhərsalma üzrə mütəxəssis hazırlığı 100 ildən artıq tarixə malikdir və bu sahədə ciddi təcrübə formalaşıb. O vurğulayıb ki, müasir dövrdə şəhərlərin qarşısında duran mürəkkəb problemlərin həlli üçün təkcə bir sahə üzrə biliklər kifayət etmir və daha geniş, çoxşaxəli yanaşma tələb olunur.
Rektor qeyd edib ki, bu məqsədlə universitetlərdə magistratura səviyyəsində fənlərarası proqramların inkişafına xüsusi diqqət yetirilir. Bu proqramlar çərçivəsində dayanıqlı şəhər inkişafı, “Ağıllı şəhər” konsepsiyası kimi istiqamətlər üzrə mütəxəssislər hazırlanır.
G.Məmmədova, həmçinin fəaliyyətdə olan mütəxəssislərin ixtisasının təkmilləşdirilməsi üçün əlavə təhsil proqramlarının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, qısa və uzunmüddətli kurslar vasitəsilə kadrların müasir tələblərə uyğun bilik və bacarıqlara yiyələnməsində universitetlərin rolu getdikcə artır.