Güləşçimiz Eldəniz Əzizli dünya çempionatının finalına yüksəlib YENİLƏNİB
Bakı, 25 oktyabr, AZƏRTAC
Avropa çempionu Eldəniz Əzizli yarımfinal mərhələsində Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumiaya qalib gələrək finala yüksəlib.
Dünya çempionu Rəsul Çunayev isə yarımfinalda Almaniya təmsilçisi Frank Steblerə məğlub olub. Güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.
19:04
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın altıncı günündə 4 çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Dünya çempionu Rəsul Çunayev (82 kq) mübarizəyə 1/8 finaldan qoşulub və yapon rəqibinə qalib gəlib. Rəsul 1/4 finalda prinsipial rəqibi olan iranlı güləşçini də üstələyib və yarımfinala yüksəlib. Bu mərhələdə Rəsulun rəqibi Almaniya təmsilçisi Frank Stebler olacaq.
Avropa çempionu Eldəniz Əzizli (55 kq) ilk mərhələdə macar rəqibini cəmi 1 dəqiqəyə məğlub edib. Həmyerlimiz çinli rəqibini də ilk hissədə üstələyib. Möhtəşəm çıxışını davam etdirən Eldəniz yapon güləşçini də vaxtından əvvəl üstələyərək adını yarımfinala yazdırıb. O bu mərhələdə Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumiaya qarşı mübarizə aparacaq.
Taleh Məmmədov təsnifat mərhələsində çətinliklə də olsa, norveçli həmkarını üstələyib. Taleh 1/8 finalda erməni həmkarından da güclü olub. Ancaq Taleh 1/4 finalda gənclərin son dünya çempionatında gümüş medal qazanmış misirli rəqibinə uduzub.
Rafiq Hüseynov da yarışa 1/8 finaldan başlayıb və bolqar güləşçiylə gərgin keçən görüşdə əzmkar qələbəyə sevinib. Hesabda 0:3 geridə olsa da, yekun nəticə Hüseynovun xeyrinə olub. Amma Rafiq 1/4 finalda iranlı rəqibinə uduzub.