Güllə atıcılığı üzrə Bərdə rayon birinciliyinin qalibləri məlum olub
Bərdə, 26 iyun, AZƏRTAC
Bərdə şəhər 5 nömrəli tam orta məktəbdə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə gənclər arasında güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 1992-2005-ci il təvəllüdlü oğlanlar və qızlar iştirak edib. Pandemiya dövrünün tələblərinə əməl etməklə, açıq hava şəraitində keçən yarışın açılışında Bərdə Rayon Gənclər və İdman idarəsinin rəisi Hikmət Ələkbərli çıxış edərək, Silahlı Qüvvələr Günü münasibətilə gəncləri təbrik edib, Azərbaycanda ordu quruculuğundan, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qazanılan Qələbədən, 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edilməsindən danışıb.
Yarışın yekun nəticəsinə görə Cavanşirli İbrahim və Məmmədova Nərgiz birinci, Bağırov Mirnatiq və Məmmədova Aytən ikinci, Allahverdiyev Lətif və Hüseynova Həbibə üçüncü yerə layiq görülüb. Yarışın qalibləri Bərdə Rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları və medallarla təltif olunacaqlar.