“Günəş TV” cəbhə bölgəsində yaşayan uşaqlar haqqında sosial videoçarxlar hazırlayıb VİDEO
Xaçmaz, 1 iyun, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın ilk uşaq telekanalı olan “Günəş TV”nin çəkiliş heyəti 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində cəbhə bölgəsinə ezam olunub.
AZƏRTAC xəbər verir ki, çəkiliş qrupu Tərtər, Ağdam və digər cəbhəboyu ərazilərdə müharibə şəraitində yaşayan uşaqların yaşamını əks etdirən sosial videoçarxlar hazırlayıb. Bu videoçarxların süjet xəttinin əsasını erməni hərbi birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində azyaşlıların uşaqlığını normal yaşaya bilməməsi təşkil edir. “Onlar uşaqlığını yaşaya bilmir” devizi ilə lentə alınmış sosial çarxlar bayramlarını müharibə şəraitində keçirən azyaşlılara diqqət çəkmək məqsədi daşıyır.
Sosial çarxlar bir sıra yerli kanallarda nümayiş etdirilməklə yanaşı, beynəlxalq müsabiqələrə də təqdim olunacaq.